Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında E qrupunun görüşlərinə yekun vurulub. Sonuncu turun nəticələrinə görə Yaponiya və İspaniya milli komandaları mundialın pley-off mərhələsinə vəsiqəni təmin ediblər.
AZƏRTAC xəbər verir ki, “Əl Beyt” stadionunda Kosta-Rika və Almaniya milli komandaları üz-üzə gəliblər. Fransız qadın FIFA referisi Stefani Frapparın idarə etdiyi oyunda hesabı Almaniya millisi açıb. Matçın 10-cu dəqiqəsində Serj Qnabri fərqlənib. Qarşılaşmanın ilk hissəsi Almaniya seçməsinin üstünlüyü ilə başa çatıb. Kosta-Rika millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 58-ci dəqiqəsində kosta-rikalı yarımmüdafiəçi Yeltsin Texeda baxımlı qola imza ataraq hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində alman qapıçı Manuel Noyer avtoqolla yadda qalıb. Üç dəqiqə sonra alman yarımmüdafiəçi Kay Xaberts hesaba tarazlıq gətirib, 85-ci dəqiqədə isə dubla imza atıb. Qarşılaşmanın 89-cu dəqiqəsində alman hücumçu Niklas Fyullkruq yekun nəticəni müəyyənləşdirib. Beləliklə, görüş Almaniya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Xəlifə” stadionu isə Yaponiya – İspaniya matçına ev sahibliyi edib. CAR-dan olan baş hakim Viktor Qomesin idarə etdiyi oyunda ilk olaraq İspaniya millisi fərqlənib. Oyunun 10-ci dəqiqəsində Alvaro Morata rəqib qapısına yol tapmağı bacarıb. İkinci hissədə Yaponiya yığması ardıcıl iki qol vuraraq hesabı xeyrinə dəyişib. Belə ki, 48-ci dəqiqədə Ritsu Doan, 3 dəqiqə sonra isə Ao Tanaka rəqibi meydanın mərkəzinə dəvət ediblər. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab dəyişməyib və Yaponiya millisi 2:1 hesablı qələbəyə sevinib.
Hesabında 6 xal olan Yaponiya millisi qrupa lideri kimi pley-offa adlayıb. İspaniya seçməsi 4 xalla ikinci olub və növbəti mərhələyə vəsiqəni təmin edib. Almaniya millisi 4 xalla üçüncü, Kosta-Rika millisi isə 3 xalla sonuncu olub. Hər iki komanda qrupda qalıb.
Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş və Xorvatiya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.