Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə “ekosid” adlı yeni maddə əlavə olunmasını təklif edir.
Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında müzakirə aparılıb.
Təklifə əsasən, flora və ya faunanın kütləvi şəkildə məhv edilməsi, atmosferə, torpaq və ya su ehtiyatlarına mühüm ziyan vurulması, habelə ekoloji fəlakətə səbəb olan və ya səbəb ola biləcək digər hərəkətlər cinayət məsuliyyəti hesab olunmalıdır.
Sonra Rəyasət Heyəti təkliflə bağlı parlamentə müraciət etməyi qərara alıb.
Qeyd edək ki, 3-7 dekabr 2022-ci il tarixlərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Bundan sonra Şuşa ərazisində, Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyasına başlayıb. Aksiya artıq bir həftədən çoxdur ki, davam edir.