Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır və hesab edir ki, Ankara ilə Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi ən yüksək səviyyədə görüşün təşkili məsələsinin müzakirəsi olacaq.
Bu barədə jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.
“Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının vaxtı çatıb, siyasi dialoqun vaxtı çatıb. Gündəlikdə duran növbəti məsələ yüksək səviyyədə görüşünün keçirilməsinin mümkünlüyü olacaq. Biz bu günə qədər əldə olunan irəliləyişdən razıyıq”, – deyə o bildirib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan bəri pisləşib. Türkiyə ilə Suriya arasında diplomatik əlaqələr kəsilib.