Ev Siyasət Tarix İnstitutuna yeni təyinat

Tarix İnstitutuna yeni təyinat

36

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Bildirilib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun xüsusi iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların Akademiyanın elmi-tədqiqat müəssisələrini də əhatə etdiyini bildirib.

Prezident İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycanla bağlı səsləndirdiyi çağırışları diqqətə çatdıran AMEA rəhbəri tarixçi alimlərin bu istiqamətdə həlli zəruri olan bir sıra vacib məsələlərin müəyyən olunduğunu vurğulayıb. Qərbi Azərbaycanın tarixi coğrafiyasının yazılması, atlasının hazırlanması, bu regionda həyata keçirilən deportasiyaların və erməni təcavüzünün mahiyyəti və sair kimi məsələlərin tədqiqi diqqət mərkəzinə çatdırılıb. İclasda eyni zamanda, Azərbaycan tarixinin qədim dövrünün və müstəqillik mərhələsinin araşdırılması ilə əlaqədar aktual məsələlərdən də bəhs olunub.

Azərbaycan tarixinin öyrənilməsinə dair yeni çağırışların həyata keçirilməsi üçün institutda xüsusi islahatlar aparılıb və yeni vəzifələrə təyinatlar olub. Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev isə Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri vəzifələrinə təyin olunublar.

AMEA rəhbəri çıxışının sonunda ölkə başçısının çağırışlarını əsas götürərək Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb və elmi-tədqiqat müəssisəsində yeni yaradılan Qərbi Azərbaycan şöbəsinin əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib.

Tarix İnstitutunun Baş direktoru, professor Kərim Şükürov elmi-tədqiqat müəssisəsinə göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlığını bildirərək qarşıya qoyulan yeni vəzifələrin öhdəsindən bacarıqla gələcəklərini, ölkə başçısının çağırışlarına əməli fəaliyyətləri ilə cavab verəcəklərini bildirib.

Əvvəlki məqaləYanğın zamanı tövlədə 8 ton ot bağlaması kül oldu
Növbəti məqalədəPKK-çılar Fransada Türkiyə səfirliyinə “Molotov kokteyli” atıb