Ev İqtisadiyyat Dünya Bankından “Böyük qayıdış” dəstək

Dünya Bankından “Böyük qayıdış” dəstək

36

Dünya Bankı  məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına dəstək vermək üçün Azərbaycan hökuməti ilə uzunmüddətli xarakter daşıyacaq siyasi dialoqa başlamağa hazırlaşır.

Dünya Bankından  verilən məlumata görə, Azərbaycan 2021-ci il iyulun 1-dən yüksək intensivlikli beynəlxalq münaqişənin təsirinə məruz qalan ölkə kimi həssas və münaqişələrdən əziyyət çəkən ölkələr siyahısına daxil edilib.

“Dünya Bankı Qrupunun 2020-ci il Qeyri-sabitlik və Münaqişə Strategiyasında bu siyahıda yer alan ölkələrin üzləşdikləri mürəkkəb problemlərin həllinə uyğunlaşdırılmış yanaşmalar, siyasətlər və alətlər vasitəsilə dəstəklənməyin vacibliyi vurğulanır. Azərbaycan ilə bağlı vəziyyətdə bu, münaqişədən sonrakı bərpa və yenidənqurmanın dəstəklənməsində məqsədyönlü iştirakı nəzərdə tutur”, – DB qeyd edir.

2021-ci ilin noyabr ayından DB Dünya Bankı Qrupunun Dövlət Quruculuğu və Sülh Fondu vasitəsilə maliyyələşmənin bir hissəsi kimi hökumətə analitik və texniki yardım göstərir. “Azərbaycanda Sülhə Dəstək və Yenidənqurma” layihəsi üçün ayrılan qrant vasitəsilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini məlumatlandırmaq üçün analitik iş, o cümlədən cari dolanışıq vasitələri, xidmətlər və sosial inklüzivliyin anlaşılmasına yönəlmiş məcburi köçkün sorğusu aparılıb. Məcburi köçkünlərin dolanışıq fəaliyyəti ilə bağlı sənəd hazırlanıb.

“Hökumətə dəstək olmaq üçün bank məcburi köçkünlük problemlərinin həllində toplanmış bilik və təcrübəsini səfərbər edəcək. Aparılan analitik işlərlə yanaşı, Füzuli, Ağdam və Cəbrayılın yenidən qurulması ehtiyaclarının birgə qiymətləndirilməsinə dəstək veriləcək, o cümlədən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə Prezidentin Xüsusi Nümayəndəsinin Aparatına idarəetmə informasiya sistemləri, yerli özünüidarəetmə və “ağıllı şəhər”in inkişafı məsələləri ilə bağlı vaxtlı-vaxtında məsləhətlər verilib”, – DB-nin açıqlamasında deyilir.

Bankdan qeyd edilib ki, Azərbaycan öz inkişafının növbəti mərhələsinə hazırlaşır və transformasiya ilə bağlı bir çox məsələlər “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində öz əksini tapıb. Azərbaycan hökuməti bir sıra islahatlar yolu ilə iqtisadi, sosial və struktur dəyişikliklər həyata keçirir.

“Hökumət 2026-cı ilə qədər 34,5 min ailənin geri qayıtması və bərpa işlərini nəzərdə tutan iddialı strategiyanı – “Böyük qayıdış” dövlət proqramını həyata keçirməyə başlayıb. 2022-ci ilin iyul ayına olan məlumata görə, artıq 66 ailə Zəngilan rayonunun Ağalı kəndində yeni salınmış “ağıllı kənd”ə köçürülüb. Köçürülmə planına əsasən, ümumilikdə 200 ailə oraya qayıdacaq.

Bununla belə, aydındır ki, məcburi köçkünlərin sonrakı köçürülməsi müxtəlif səbəblərə, o cümlədən davam edən sərhədlərin dəqiqləşdirilməsinə və münaqişə ərazilərində minaların olması ilə əlaqədar təhlükəsizlik problemlərinə görə vaxt aparacaq. Beləliklə, daha bir müddət öz doğma yerlərinə qayıda bilməyən yoxsul və həssas məcburi köçkünlərin ehtiyaclarını ödəmək lazımdır”, – DB hesab edir.

“Hökumət ilkin olaraq 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük qayıdış” dövlət proqramı çərçivəsində vəsait ayırıb və güman ki, sonrakı dövrdə DB-dən maliyyələşmənin artırılması bu artan ehtiyacı ödəmək üçün resurs mənbəyinə çevrilə bilər”, – bankdan qeyd ediblər.

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan əhalisinin təxminən yeddidə biri – 600 minə yaxın insan Qarabağdan və Azərbaycanın ona bitişik rayonlarından didərgin düşmüş və 30 ilə yaxın müddətdə məcburi köçkün vəziyyətinə düşərək ölkənin başqa rayonlarında məskunlaşıb.

Əvvəlki məqaləSahibə Qafarova Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında çıxış edib
Növbəti məqalədəRusiyanın dövlət büdcəsindəki kəsrin miqdarı açıqlanıb