“Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir”.
911.info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: “Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.