Ev Siyasət Ombudsman “Human Rights Watch”un iddialarına cavab verdi

Ombudsman “Human Rights Watch”un iddialarına cavab verdi

41

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 2022-ci il üzrə hesabatında əks olunmuş iddialara cavab verib.

Ombudsman bildirib ki, beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabat və bəyanatlar qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalıdır:

“Həmişə olduğu kimi “Human Rights Watch” sosial şəbəkələrdə əsassız və qərəzli məlumatlar yaymaqla, habelə bu kimi əsassız məlumatları öz illik hesabatlarında əks etdirməklə Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirir”.

“Human Rights Watch” 2022-ci il üzrə hesabatında Ermənistan və Azərbaycan arasında artıq həll edilmiş hərbi münaqişəni hələ də həll olunmamış münaqişə kimi qeyd edərək, bu məsələyə öz real yanaşmasını göstərir. Habelə sözügedən beynəlxalq qeyri-hökumət təşkilatı öz hesabatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini də heçə sayır. Halbuki “Human Rights Watch” obyektiv araşdırma aparmağa səy göstərmiş olsaydı, o zaman Ermənistanın işğalından azad edildikdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış həmin ərazilərində sürətlə bərpa və tikinti işlərinin aparıldığını görmüş olardı.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli Bəyanatdan indiyədək Azərbaycan tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni millətinə mənsub hər hansı bir şəxsin həyatına təhlükə yarada biləcək heç bir hadisə törədilməyib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub və bu işğal nəticəsində bir milyonadək insan məcburi köçkün vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000-ə yaxın azərbaycanlı itkin hesab olunur və indiyədək Ermənistan onların taleləri barədə ailələrinə hansısa bir məlumat verməkdən boyun qaçırır. Nəyə görə “Human Rights Watch” bu cür kobud insan hüquqları pozuntusunun bərpası üçün onu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə hər hansı bir təşəbüsslə çıxış etməyib?

Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra Ermənistan tərəfindən həmin ərazilərə dinc əhalinin həyatına təhlükə yaradan yüz minlərlə minanın basdırıldığı aşkar edilib. “Human Rights Watch” isə öz hesabatında yalnız Azərbaycan Baş Prokurorunun 2022-ci il oktyabr tarixli bəyanatında qeyd edilmiş “2020-ci ildə əldə edilmiş atəşkəsdən 2022-ci il oktyabrın ortalarına kimi “Dağlıq Qarabağda” mina partlaması nəticəsində 34 mülki şəxsin həlak olması, ətraf ərazilərdə isə daha 80 nəfərin yaralanması” faktına istinad edir. Təəssüflə qeyd edilməlidir ki, mina partlayışları nəticəsində həyatını itirən və ya yaralanan mülki vətəndaşların sayı ötən oktyabr ayından etibarən artıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ümumilikdə 274 nəfər minaya düşüb, 36-sı dinc sakin olmaqla 46 nəfər həlak olub. Qəribəsi odur ki, “Human Rights Watch” bu ərazilərin işğalı zamanı bu minaların basdırılmasında bilavasitə iştirak edən və işarələnməmiş minalı ərazilərin dəqiq xəritəsini verməkdən imtina edən Ermənistan rəhbərliyinin adını heç vaxt qeyd etmir.

Müharibə və postmüharibə dövrlərində Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ombudsman mina problemi ilə bağlı öz xüsusi hesabatında mina təhlükəsi haqqında ətraflı məlumat verib və regionda sülh quruculuğu prosesinə xələl gətirən bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Bu hesabat bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına, eləcə də “Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarına da göndərilmişdir.

Yuxarıda qeyd olunanların fonunda “Human Rights Watch”un mina ilə bağlı məsələyə yanaşması elə təəssürat yaradır ki, sanki bu minalara görə davamlı şəkildə baş verən mülki itkilər bu təşkilat üçün ciddi problem deyil.

Erməni hərbi qulluqçularının guya edam edilməsini əks etdirən videogörüntülərə gəlincə isə qeyd edilməlidir ki, Azərbaycanın müvafiq qurumları bu materiallarla bağlı zəruri araşdırmalara başlayıb. Həmçinin o da qeyd edilməlidir ki, bu videoların etibarlılığı ilə bağlı bəzi şübhələr mövcuddur. Bundan başqa, Ermənistan hərbi qulluqçularının Azərbaycan hərbi qulluqçularına qarşı törətdikləri işgəncə və pis rəftar hallarını əks etdirən çoxsaylı videolar da var və onların bir qismi sosial şəbəkələrdə yayılıb. Amma biz heç vaxt bu videolarda nümayiş etdirilən faktlarla bağlı Ermənistan hakimiyyəti tərəfindən hansısa araşdırma aparılmasının və “Human Rights Watch”un da bununla bağlı hər hansı reaksiyasının şahidi olmamışıq.

Biz “Human Rights Watch”dan hərbi əsirlərin işləri üzrə araşdırmalarla bağlı qərəzsiz yanaşma nümayiş etdirməsini gözləyərdik. Lakin çox təəssüf ki, Ermənistan hərbi qüvvələri tərəfindən işgəncələrə və pis rəftara məruz qalan azərbaycanlı hərbi əsirlərin məsələsinə ciddi yanaşmanın şahidi olmadıq.

Hərbi əsirlərlə bağlı qeyd edilməlidir ki, dövlət orqanlarının bəyanatına əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bütün erməni hərbi əsirlər artıq öz evlərinə qaytarılıb.

Nəzərinizə çatdırırıq ki, Ombudsman Milli Preventiv Mexanizm (MPM) mandatına uyğun olaraq, MPM qrupu ilə birgə heç bir ayrı-seçkiliyə yol vermədən insanların öz iradəsi ilə tərk edə bilmədiyi, o cümlədən erməni əsilli şəxslərin də saxlandığı yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirir. Bu cür başçəkmələr zamanı orada saxlanılan şəxslərə, o cümlədən erməni əsilli şəxslərə müalicə, tərcüməçi və yaxınları ilə videozəng vasitəsilə əlaqə yaradılması imkanının təmin olunduğu müşahidə edilib.

Bununla əlaqədar olaraq, “Human Rights Watch” təşkilatına öz hesabatlarını hazırlayarkən Azərbaycan Ombudsmanın erməni əsilli saxlanılan şəxslərin insan hüquqlarının vəziyyətinin monitorinqinə dair başçəkmələri ilə bağlı xüsusi hesabatlarına nəzər salmağı və onlardan istifadə etməyi məsləhət görürük.

Azərbaycan Ombudsmanı dəfələrlə öz bəyanatlarında müharibədən sonrakı dövrdə Ermənistan tərəfindən dəstəklənən, Azərbaycana qarşı regionda sülhü təhdid edən təxribat xarakterli əməlləri qınayıb. Təəssüf ki, “Human Rights Watch” həmin bəyanatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı bir addım atmır və əksinə, qərəzli hesabatlar yaymaqda davam edir.

Biz “Human Rights Watch”u ədalətli, qərəzsiz, ikili standartlardan uzaq olmağa dəvət edir, davamlı sülhün əldə olunmasını təhlükə altında qoya biləcək və regionda normal həyatın bərpasını gecikdirə biləcək hər hansı qərəzli yanaşmadan və ya bəyanatdan çəkinməyə çağırırıq”, – Ombudsman qeyd edib.

Əvvəlki məqaləUkraynada matəm elan olundu
Növbəti məqalədəSumqayıtda ikimərtəbəli obyekt yanıb