Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə “2022-ci ildə regional mərkəzlərin mülki müdafiə sahəsində fəaliyyətlərinin yekunu və 2023-cü il üçün qarşıda duran vəzifələr” mövzusunda toplantı keçirilib.
Toplantıda FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin əməkdaşları, regional mərkəzlərin rəisləri, mülki müdafiə idarələrinin rəhbərləri iştirak ediblər.
Toplantıda Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov çıxış edərək ölkədə mülki müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində Baş idarə tərəfindən görülən işlər barədə geniş məlumat verib, regional mərkəzlərin əhatə etdikləri ərazilərdə mülki müdafiənin planlaşdırılması, mülki müdafiə tədbirlərinin icra vəziyyəti, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması və maarifləndirilməsi, mülki müdafiə kurslarında dinləyicilərin hazırlanması, yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətin təşkili üzrə mövcud vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Baş idarə rəisi regional mərkəzlərdə mülki müdafiə işinin təşkili və bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması üzrə 2023-cü il üçün qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Toplantıda çıxış edən Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev yerli icra hakimiyyəti və özünüidarə orqanları ilə mülki müdafiə sahəsində əhalinin maarifləndirilməsi üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə regional mərkəzlərdə infrastruktur məsələlərinə diqqətin artırılmasının vacibliyini qeyd edib.
Toplantıda, həmçinin regional mərkəzlərin və mülki müdafiə idarələrinin rəhbərlərinin mülki müdafiə işinin təkmilləşdirilməsi sahəsində təklifləri dinlənilib, qarşıya çıxan problemlər ətrafında müzakirələr aparılıb.