Yaponiyanın Saytama prefekturasında daha bir quş qripi epidemiyası ocağı qeydə alınıb. Bununla əlaqədar üç minə yaxın ördəyin məhv edilməsinə başlanılıb.
Bu barədə yerli administrasiya məlumat verib. Qyoda şəhərindəki quşçuluq fermasında şübhəli hal aşkarlanıb. Ətraflı yoxlama nəticəsində yüksəkpatogenli quş qripinə yoluxma halı təsdiqlənib. Fermanın ətrafında üç kilometr məsafədə quşların daşınması üçün karantin tətbiq edilib. Binaların və avadanlıqların dezinfeksiyasının bir neçə gün davam edəcəyi bildirilir.
Yaponiyada bu mövsüm xəstəlik səbəbindən məhv edilən quşların ümumi sayı isə 11 milyona yaxınlaşır. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Mütəxəssislər yoluxmaların artmasının səbəbini köçəri quşların hər zamankından daha tez gəlmələri ilə əlaqələndirirlər.