Fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.
DSX-nin Mətbuat Xidmətinin məlumatına görə, Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilmiş, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf etmişdir.
Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə “marixuana”, 0.005 qram “heroin”, 0.005 qram “metamfetamin”, 10 ədəd “metadon M-40” həbi, şəxsi istifadəsi üçün 1 büküm “tiryək” və 2 büküm “marixuana” aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.