Ev İdman Azərbaycan millisinin 3 boksçusu finala çıxdı

Azərbaycan millisinin 3 boksçusu finala çıxdı

35

Azərbaycan millisinin 3 boksçusu Mərakeşdə keçirilən Qızıl kəmər seriyasında finala vəsiqə qazanıb.

Ümid Rüstəmov (57 kq), Nəbi İsgəndərov (67 kq) və Alfonso Dominqes (86 kq) yarımfinal mərhələsində rəqiblərini məğlub ediblər.

Ümid Rüstəmov yarımfinalda italiyalı Françesko İoziadan güclü olub. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.

Nəbi İsgəndərov ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Boksçu final yolunda Abdulhakim Akramı (Seyşel adaları) rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.

Alfonso Dominqes də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionu yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes də komanda yoldaşları kimi, həlledici görüşdə Rusiya təmsilçisi ilə qarşılaşacaq. Onun rəqibi Şarabutdin Atayev olacaq.

Azərbaycan yığmasının digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) turniri bürünc medalla başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) məğlub olublar.

Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.

Əvvəlki məqaləAzərbaycanda bugünədək 814 minədək ev təsərrüfatı fiber-optik internetlə təmin olunub
Növbəti məqalədəTürkiyədə zəlzələ nəticəsində daha 4 idmançı həlak oldu