“İmmun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır”
911.info.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, immun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır: “İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir”.
Terapevt bildirib ki, az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir: “A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir. Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir”.
Mütəxəssis hansı təbii vasitələrlə immuniteti gücləndirməyin mümkünlüyündən də danışıb: “Daha güclü immun sisteminə sahib olmaq üçün bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək lazımdır. Bədənimizin mayeyə olan ehtiyacı qədər su içmək mütləqdir. Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. “Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir göstərmir”.