Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz komando təməl kursu”na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən mart ayının 25-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Dəniz komando təməl kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə HDQ-nin poliklinikasına göndərilir. Hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş və boyu 170 sm-dən yuxarı olan şəxslər qəbul imtahanlarına buraxılır.Fiziki hazırlığı, üzmə bacarığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 3 il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər: – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 nüsxədə;- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti – 1 nüsxədə;- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 1 nüsxədə;- nikah bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 1 nüsxədə;- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 1 nüsxədə;- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 1 nüsxədə;- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, nevroloji, narkoloji və son 5 ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 nüsxədə.Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyi (HDQ qərargahı).
Müraciət etmə vaxtı: 2023-cü il fevral ayının 20-dən mart ayının 25-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış və ya məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.