Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçay şəhəri, Natəvan küçəsi 69 ünvanında yerləşən, “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– Obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
– yanğına qarşı rejimin tələblərinə riayət olunmadan yeraltı yanacaq çənləri ilə ictimai obyektlərlə yanğına qarşı ara məsafələrinə riayət edilməyib və yanacaqdoldurma məntəqəsinin ərazisində açıq oddan istifadəyə yol verilib. Belə ki, un məmulatlarının hazırlaması üçün odun yanacağı ilə istismar edilən təndirlərdən və propan qaz balonlarından istifadə edilib;
– obyekt normativ sənədlərin tələblərinə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;- Obyektdə quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun sazlığı barədə mütəxəssis rəyi təqdim edilməyib:
– kabel və naqillərin izolyasiya müqavimətinin ölçülməsi barədə protokol təqdim edilməyib.Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş “Göyçay Petrol-A” MMC-ə məxsus yanacaqdoldurma məntəqəsində fəaliyyət göstərən un məmulatlarının hazırlanması və satışı köşklərində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.