“Təhlükə hər zaman mövcud idi və bu təhlükə bu gün də davam etməkdədir. Rusiyanın nüvə sazişindən çıxmasını simvolik hərəkət adlandırmaq olar. Məsələ ondan ibarətdir ki, Rusiyanın Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində (“START-3”, sazişin ABŞ-dəki adı – red.) iştirakı əslində hərbi vəziyyətə heç bir təsir göstərmirdi. Vacib olan sözügedən müqavilədə iştirak deyil, Ukraynada döyüş meydanında baş verənlərdir”.
Bunu Oxu.Az-a açıqlamasında tanınmış amerikalı jurnalist, publisist, politoloq Devid Satter Rusiyanın strateji hücum silahları müqaviləsində iştirakını dayandırması ilə bağlı qərarını şərh edərkən söyləyib.
Devid Satter ABŞ Prezidentinin Kiyevə səfərinə də toxunub: “ABŞ Prezidenti Co Bayden çıxışında əvvəllər söylədiyi bütün məqamları təsdiqlədi. Bu, Ukraynaya dəstək və NATO nizamnaməsinin beşinci bəndinə aiddir. İndiki vəziyyətdə başqa heç nə gözləmək olmazdı.
ABŞ-nin müdafiə naziri Lloyd Ostin də Estoniya haqqında danışarkən deyib ki, NATO üzvü olan istənilən ölkə beşinci maddəyə əsasən qorunur”.