Ev Cəmiyyət Agentlik tərəfindən Etilen-Polietilen zavodunda yoxlama aparılıb

Agentlik tərəfindən Etilen-Polietilen zavodunda yoxlama aparılıb

32

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

911.info.az FHN-ə istinadən xəbər verir ki, Agentliyin müfəttişləri tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında yerləşən “Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb.

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Azərikimya” İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən İB-nin rəhbərliyinə izah olunub.

Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.

Əvvəlki məqalə“Mançester Yunayted”in yarımmüdafiəçisi Türkiyədən təklif alıb
Növbəti məqalədəMinaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib