Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmış, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 (dörd) nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində saxlanılmışlar.
Mart ayının 10-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında, mart ayının 11-də saat 05:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadlarının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 30 kiloqram 600 qram narkotik vasitə, 1440 ədəd Metadon M-40, 754 ədəd Preqabalin, 50 ədəd Qababrel psixotrop həbləri və müxtəlif təyinatlı dərman preparatları aşkar olunaraq götürülmüşdür.