Bir sıra dövlət qurumları “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair anlaşma memorandumu”u imzalayıb. Onlar Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasıdır.
Layihə çərçivəsində 15 mart 2023-cü il tarixində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ölkə banklarının iştirakı ilə müxtəlif ağaclar əkildi. Tədbirdə dövlət rəsmiləri, ölkə banklarının əməkdaşları və digər qonaqlar iştirak edib. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.
Qeyd edək ki, memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.