Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti martın 19-da Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.Nazirlikdən verilən məlumata görə, əvvəlcə hospitalın həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.