Azərbaycanda bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin saxlanılması üçün batareyaların alınması əsas hədəflərimizdən biridir.
Bu barədə energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərlə olan görüşündə bildirib.
Onun sözlərinə görə, sözügedən batareyalar çox baha olduğu üçün onların alınması ilə bağlı çətinliklər var:
“Bu növ batareyalar elektrik enerjisindən səmərəli istifadəyə şərait yaradır. Amma onların qiyməti çox yüksəkdir. Qərbdə bu batareyaların alınmasına xərclənən vəsait sonda tariflərin üzərinə gəlir, bizdə isə sosial dövlət olduğu üçün bu addımı atmırıq. Ona görə hazırda müzakirələr ilkin mərhələdədir. Hansı həcmdə, hansı texnologiyadan olan batareya alınması əsas müzakirə mövzusudur”.
Qeyd edək ki, müzakirələr Səudiyyə Ərəbistanının ACWA POWER şirkəti ilə aparılır.