“Şaxtyor”un idman direktoru Dario Srna FİFA-nı sərt tənqid edib.
O, “Marca”ya müsahibəsində dünyanın ali futbol qurumunun “Şaxtyor”un bahalı əcnəbi futbolçularının pulsuz olaraq digər ölkələrin klublarına keçməsinə şərait yaratdığını deyib.
“UEFA Çeferinin vasitəsi ilə Ukrayna futbolu və bizə kömək üçün əlindən gələni əsirgəmədi. FİFA isə əksinə, bizi məhv etdi. Onlar bir dəfə də olsa bizi müdafiə etmədilər. Əgər “Real”, “Sevilya”, “Barselona” və ya “Bavariya” bizim durumla üzləşsəydilər, onlara dərhal yardım olunardı. “Şaxtyor” son 20 ildə Avropa futbolu üçün az iş görməyib.
Ümumi bazar qiyməti 150-200 milyon avro olan 14 əcnəbi futbolçumuz vardı. Onlara müqavilələrini dayandırmağa və getməyə icazə verdilər. Solomon və Tetenin ilyarımlıq müqavilələri vardı. Biri “Fulhem”ə, digəri “Lion”a getdi. Bu oyunçular qayıdanda bizimlə cəmi yarım illik müqavilələri qalacaq. Bu, qəbuledilməzdir. Hamı deyirdi ki, bizə kömək olunacaq, futbolçuların pulsuz getməsinə razı olmayacaqlar. Amma bəzi klublar bizim düşdüyümüz bu vəziyyətdən istifadə etdilər” – deyə klub rəsmisi bildirib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra FİFA Ukrayna klublarında oynayan legioner futbolçulara müqaviləsi başa çatmadan digər ölkələrin klublarında çıxış etməyə icazə verib.