Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Milli.Az “Report”a istinadən xəbər verir ki, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 30 dəfə qarşılaşıb. Bunların 10-da “qırmızı-qaralar”, 6-da “qartallar” qələbə qazanıblar. 14 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də əyalət klubunun üstünlüyü var – 36:26.
“Qəbələ” son 4 oyunda qol vurub. “Zirə” son 12 səfər qarşılaşmasında qalib gəlməyib.