Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı” ərazisi istiqamətində təlim keçirib.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yanğın yerinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən (gül dibçəkləri, şlaqbaumlar və s.) yanğın avtomobillərinin yaşayış binasına sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.
Qeyd olunan nöqsanların aradan qaldırılması üçün aidiyyəti orqanlara müvafiq müraciətlər ünvanlanıb, maşınların park edilməsinə məsul olan şəxslərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.