Aprelin 18-də voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli ola bilər.
Federasiyadan verilən məlumata görə, həmin gün ilk olaraq meydana bürünc medal üçün UNEC və “Murov” klubları çıxacaqlar. Bu komandaların ilk iki görüşündə “Murov” rəqibini quru hesabla məğlub edib. UNEC mübarizəni davam etdirmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. “Murov” isə qalib gələcəyi təqdirdə ölkə birinciliyinin bürünc medalına sahib çıxacaq.
Daha sonra meydan çempionluq üçün mübarizə aparan “Abşeron” və “Azərreyl”in ixtiyarına veriləcək. Cütün ilk iki final matçı “Azərreyl”in quru hesablı qələbəsi ilə başa çatıb. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu dəfə də qalib gələcəyi təqdirdə çempion adını qazanacaq. Görüş “Abşeron”un qələbə isə yekunlaşarsa, əlavə qarşılaşmaya ehtiyac duyulacaq.
Kişi voleybolçuların yarışında növbəti oyunlar aprelin 20-nə təyin olunub. Həmin günün ilk matçı “Neftçi” və MOİK arasında baş tutacaq. Əvvəlki görüşlərdə 3:0 və 3:1 hesabları ilə qalib gələn “Neftçi” bu qarşılaşmanı da öz xeyrinə başa vurarsa, bürünc medala sahib çıxacaq, əks təqdirdə mübarizə növbəti matçla davam edəcək.
Günün digər duelində çempionluq üçün yarışan “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gələcəklər. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan “Murov” yenə qalib gələrsə, qızıl medalı təmin edəcək. “Xarı bülbül” klubu birinci yer uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.