Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Bu barədə 911.info.az AQTA-ya istinadən xəbər verir.
Görüşdə Q.Təhməzli aprelin 12-də keçirilən növbəti seçkilər zamanı AQTA yanında İctimai Şuraya seçilən 9 nəfər üzvə fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda ümidvar olduğunu bildirib ki, İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Eləcə də qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcək.
Q.Təhməzli həmçinin görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, eləcə də bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə İctimai Şuranın üzvlərinə geniş məlumat verib.
AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin qanundan irəli gələn tələblər barədə məlumatları diqqətə çatdırıb.
Q.Təhməzli qeyd edib ki, bu qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirib, vətəndaşların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında mühüm rol oynayır: “Qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi öz töhfəsini verir. Həmçinin bu qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin və obyektlərin qeydiyyatı ilə təsdiqi prosesinə yeni baxış formalaşdırıb”.
Tədbirdə çıxış edən AQTA yanında İctimai Şuranın üzvləri aprelin 12-də səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına, eyni zamanda seçkinin tam şəffaf və ədalətli keçirilməsinə görə AQTA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eləcə də ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində bütün səylərini səfərbər edəcəklərini vurğulayıblar.
Görüşdə həmçinin qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı müzakirələr aparılıb