Kanadanın Toronto şəhərində 28 May – Müstəqillik Günü münasibəti ilə Toronto meriyasının (City Hall) binası qarşısında Azərbaycan bayrağı ucaldılıb.
Oxu.Az xəbər verir ki, Kanada Azərbaycanlılar Şəbəkəsinin (Network of Azerbaijani Canadians-NAC) və Torontoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatları, diplomatlar, senatorlar və dost və qardaş ölkələrin icmalarının təmsilçiləri iştirak ediblər.
Şəhərin mərkəzində təşkil olunan təntənəli mərasimdə üçrəngli, ay-ulduzlu bayrağımız Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında dalğalandırılıb.Mərasimdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İdarə Heyətinin sədri Anar Cahangirli 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında qonaqlara geniş məlumat verib. A.Cahangirli deyib ki, tarixin ən çətin illərində, 105 il bundan öncə Azərbaycan demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacarıb.
Tədbirdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İcraçı direktoru Nigar Cəbiyeva bu tarixi günü bütün azərbaycanlıların fəxr və qürur hissi ilə qeyd etdiyini deyib. O, qonaqlara Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barəsində geniş məlumat verib.