Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını qeyd edib. Azərbaycan Prezidenti bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Alixan Smailovun səfərinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.Xoş sözlərə görə minnətdarlıq edən qonaq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.










