Bakı bu ilin noyabr ayında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Nyu-Yorkda keçirilən Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdəki videomüraciətində bildirib.Videomüraciətdə O.Məmmədov Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edib. KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti, ICSB-yə üzv olan agentliyin təşkilatla əməkdaşlığı barədə məlumat verib.
KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.