Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax rayonu ərazisində yol infrastrukturuna ziyan dəyib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yoluna və yerli əhəmiyyətli Qax-İlisu-Sarıbaş, Qax-Qaşqaçay-Armudlu, M-5(83km) Qıpçaq-Üzümlü avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələrinə və suötürücü borulara ziyan dəyib.
Əraziyə AAYDA-nın “13 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində təxirəsalınmaz tədbirlər görülərək yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.