“Erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə iftira kampaniyaları aparır, hətta dini platformadan – Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşündə söyləyib.Bu yaxınlarda Papa Fransiskin İsveçdə Quranın yandırılması kimi mənfur hadisədən hiddətləndiyini ifadə etdiyini, bunu iyrənc hal kimi dəyərləndirdiyini vurğulayan A.Paşazadə qeyd edib:
“Etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvətidir. Biz bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini Azərbaycan xalqının Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdik. Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrı-seçkilik qoymadan bərpa edir, yenidən qurur. Lakin təəssüflər olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir”.