Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu cinayətləri edən ümumilikdə 44 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 36-sı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.Qanunsuz dövriyyədən ümumilikdə 20 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və marixuana, eləcə yaş çəkisi 100 kiloqram olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 318 ədəd çətənə bitkiləri çıxarılıb.Həmçinin qeyd edilən dövr ərzində polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı evlərdən, apteklərdən və mağazalardan oğurluqlar edən 3, rayon sakini olan bir nəfərə hədə-qorxu gələrək pul tələb edən 2 və adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Aşkar edilən bütün faktlarla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.