Azərbaycanın tanınmış məşqçilərindən olan Əsgər Abdullayev yeni mövsümdən etibarən “İmişli”ni çalışdıracaq. Birinci Liqa təmsilçisi ilə müqavilə imzalayan mütəxəssis artıq hazırlıq planlarını cızmağa başlayıb. Bəs hədəflər nədən ibarətdir? Rəhbərliklə nələr müzakirə edilib?Ən əsası onu Birinci Liqa komandasına gətirən səbəb nə olub?Bu suallar ətrafında Abdullayev fikirlərini bölüşüb. Veteran futbolçu, millimizin sabiq çalışdırıcısı “Qaynarinfo”ya açıqlamasında iddialı olduqlarını söyləyib:“İmişli”dən təklif gəldi, razılığımı verdim. Rəhbərliklə danışdım, onların çox iddialı olduqlarını gördüm. Gələcəkdə yüksək dəstədə olmaq niyyətindədirlər”.O, yaxın günlərdə hazırlıqlara start verəcəklərini də deyib:“Bir neçə günə məşqlərə başlayacağıq. Seçimlərimizi edirik. Üç legionerə icazə verilir. Yəqin ki, transfer edəcəyik. Duruma baxacağıq və fikirlərimizi deyəcəyik”.İnfrastrukturla bağlı danışan məşqçi hər şeyin yüksək səviyyədə hazırlandığını söyləib:
“İmişli”də hər şey yüksək səviyyədə hazırlanır. Yaxşı olacağına əminəm”.Abdullayev köməkçilərindən birinin adına da aydınlıq gəldiyini bildirib:“Köməkçim Məqsəd Yaqubəliyevdir. Bir də qapıçı məşqçisi məsələsi bu yaxınlarda düzəlməlidir. Həkimimiz, masajçımız var. Şərait normaldır. Yüksək Liqaya çıxmaq potensialını seçimlərimiz göstərəcək. İndidən nəsə danışmaq düzgün deyil. Çalışacağıq ki, yaxşı oynayaq”.Uzun müddətdir işsiz qalan mütəxəssis bunun xüsusi səbəbinin olmadığını və Məşqçilər Komitəsindən ayrılacağını deyib:“Bunun xüsusi bir səbəbi yoxdur. Yəqin ki, bir qədər dincəlmək istəmişəm. Hər halda Allah xeyirli etsin. Yenidən öz işimə davam etmək qərarına gəldim. Məni Məşqçilər Komitəsində kimin əvəzləyəcəyini bilmirəm. Çox güman ancaq bir yerdə – klubda çalışacağam”.