Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş müdafiə sənayesi naziri Mədət Quliyev “Şirvan Araz zavodu” MMC-də baş verən partlayışa görə Bakıya qayıdıb və Şirvan şəhərinə yollanıb.
Bununla bağlı APA məlumat yayıb. Bildirilib ki, Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və icra başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.Mədət Quliyev və digər rəsmi şəxslər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.
Daha sonra Mədət Quliyev hadisə zamanı həlak olmuş və Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.Qeyd edək ki, MSN-nin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.