“Bu komandadan təklif gələndə sevindim”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Ervin Koffi klubun rəsmi televiziyasına açıqlamasında deyib.Fransalı sağ sinah müdafiəçisi “ağ-qaralar”ın böyük klub olduğunu əvvəldən bildiyini söyləyib:“Azərbaycanda oynamış dostlarımdan soruşdum və dərhal mənə bu komandaya getməyi tövsiyə etdilər. Daha sonra özüm də araşdırdım. Həm klubun böyük tarixə, həm də böyük azarkeşə malik olduğunu gördüm”.O, Azərbaycanda oynamış bəzi fransız futbolçularla birgə çıxış etdiyini vurğulayıb:
“Onlar mənə Bakının möhtəşəm şəhər olduğunu dedilər. Bir çox insanla əlaqə saxladım, hər biri mənə yalnız xoş sözlər söylədi”.
28 yaşlı futbolçu həm müdafiə, həm də hücumameyilli oynamağı xoşladığını əlavə edib:
“Çünki indi yaxşı cinah müdafiəçiləri hücumda da iştirak etməlidirlər. Amma biz həm də müdafiəçiyik. Tutmalı olduğum oyunçunu itirməyi sevmirəm. Daim rəqibimə yaxın oynayıb onu dayandırmağa çalışıram. Bununla yanaşı, hücumlara qoşulub məhsuldar ötürmələr etmək də məni sevindirir. Komanda üçün əlimdən gələni etməyə çalışıram”.Koffinin sözlərinə görə, komanda üzvlərinin bir-birinə tez uyğunlaşması olduqca vacibdir:“Çünki bir neçə gündən sonra önəmli oyunlarımız olacaq. Buna görə də sürətli olmalıyıq. Bilirəm ki, biz yeni futbolçularıq və heç vaxt birlikdə oynamamışıq.
Danışacaq, komplektləşəcək və bunu düzəldəcəyik. Fikrimcə, hər şey yaxşı olacaq, bu prosesi tezliklə geridə qoyacağıq”.Futbolçu meydanda azarkeşlər üçün hər şeyi edəcəyini bildirib:
“Neftçi”nin yaxşı fanatlara malik böyük klub olduğunu bilirəm. Onların məyus olmaması üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Neftçi” Ervin Koffi ilə iki illik müqavilə imzalayıb.