Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti xanım Mirjana Spoljariç Eqqerə açıq məktub ünvanlayıb.
Məktubda Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçilərinin BQXK-nin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqları ifadə olunub.
Məktubun mətnində bildirilib:
“Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti xanım Mirjana Spoljariç Eqqerə üz tutaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqlarımızı ifadə edirik.30 ildən çoxdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyət göstərir. Biz bu təşkilatın mandatını və missiyasını çox vacib hesab edirik. Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir.90-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Onlar sağdılar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur? Axı, Azərbaycan tərəfi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında həmin 54 nəfərin əsirlikdə olduğunu təsdiq edən yazışmalar indi də durur.Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab edir. Ancaq Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil.2000-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etdi və bu barədə qondarma, separatçı rejimlə “saziş” imzaladı. Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin “saziş” konfidensiallıq adı altında gizlədildi, təqdim edilmədi. Sonradan məlum oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib.