Nigerin hərbi qiyam nəticəsində vəzifəsindən kənarlaşdırılmış Prezidenti Məhəmməd Bazum ABŞ-yə və dünya ictimaiyyətinə müraciət edib.
O, dünyanın aparıcı ölkələrindən Nigerdə konstitusiya quruluşunun bərpasına kömək etmələrini istəyib. Məhəmməd Bazum yaydığı bəyanatda bildirib ki, ölkəsində yoxsulluq və terrorizmə qalib gəlməyin yolu demokratiya, plüralizm və qanunun aliliyinə hörmətdən keçir.
“Bu çevriliş cəhdi nigerlilər üçün faciədir, lakin onun “uğuru” bizim sərhədlərimizdən çox-çox uzaqlarda fəlakətli nəticələrə səbəb olacaq. Hərbi çevriliş təşkilatçılarının və onların regiondakı müttəfiqlərinin çağırışlarını nəzərə alsaq, deyə bilərik ki, bütün mərkəzi Sahel bölgəsi “Vaqner” özəl hərbi birləşməsinin vasitəsilə Rusiyanın təsiri altına düşə bilər”, – deyə M.Bazum vurğulayıb.