Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda altı DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır.Bildirilib ki, Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə doqquz inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək.
Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub.Məlumat verilib ki, hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış olub.