Ev İqtisadiyyat Manatın dövriyyəyə buraxılmasından 31 il ötür

Manatın dövriyyəyə buraxılmasından 31 il ötür

124

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 31 il ötür.Oxu.Az xatırladır ki, manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb.

Azərbaycan Respublikasının birinci əsginasları 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat/10 rubl nisbətində rubl ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilib. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynayıb. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.

Əvvəlki məqaləAzərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 26 faiz azalıb
Növbəti məqalədəMillimizin matçının başlama saatı müəyyənləşdi