Ev Siyasət Türk dünyasının birliyinə əhəmiyyətli töhfə: Azərbaycan-Özbəkistan münasibətləri

Türk dünyasının birliyinə əhəmiyyətli töhfə: Azərbaycan-Özbəkistan münasibətləri

47

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir.

Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb.

Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir.Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

AZƏRTAC Azərbaycan – Özbəkistan əlaqələrinin tarixinə və inkişaf yoluna nəzər salır.Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.Özbəkistanın sabiq prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdi ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

Əvvəlki məqalə“Barselona” “Ayaks”dan aldığını PSV-yə verdi
Növbəti məqalədəDövlət Gömrük Komitəsinin vəzifələrindən biri dəyişib