Sentyabrın 21-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi baş tutub.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.Beynəlxalq Cüdo Federasiyasının baş direktoru Vlad Marinesku hər kəsi salamlayıb və turnirdə 61 ölkədən 447 idmançının 2024 Paris Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacağını bildirib. Həmçinin, Vlad Marinesku bildirib ki, cüdo dəyərlərə əsaslanan idman növüdür və bu həftə biz birgə dostluq, sülh və birlik dəyərlərinin nümayişini izləyəcəyik.
Daha sonra, V.Marinesku Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından bütün idmançılara uğurlar arzu edib.Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında bütün iştirakçıları salamlayıb və bildirib ki, turnir Azərbaycanda idmanın inkişafında mühüm rol oynayan ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunub və bu da onun irsinin təbliğ olunmasının bariz nümunəsidir. E.Məmmədov Azərbaycanda cüdonun inkişafına və tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirərək turnirin yüksək səviyyədə keçəcəyini əminliklə vurğulayıb.