“Azərbaycan bütün hallarda dövlət ağlı ilə hərəkət edən və hüquqa əsaslanan bir ölkədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.Hikmət Babaoğlu deyib ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də sülh mərhələsinə keçid dövründə Azərbaycan daim beynəlxalq hüquqa və insan hüquqlarına sadiq olub:“Hazırkı mərhələdə sülhün əldə edilməsini çətinləşdirən Azərbaycan ərazisində olan Ermənistanın silahlı birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması məsələsində də yenə Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquqa söykənərək şəffaf qərarlar qəbul etdi və həmin qərarların icrasını bütün dünyanın gözü qarşısında beynəlxalq hüquq, müharibə qanunlarına əsaslanaraq həyata keçirdi. Ancaq sülh istəməyən qüvvələr – başda ermənilər və onların hamiləri olmaqla sanki Qarabağ ərazisində hansısa hüquqsuz hadisələrin olması ilə bağlı dünya ictimaiyyətinə yalan informasiyalar ötürməyə başladılar. Azərbaycan bunun olmadığını bir daha dünyaya nümayiş etdirmək üçün BMT-nin müvafiq missiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi və həmin missiya artıq Azərbaycandadır. Ancaq məsələ ondadır ki, Azərbaycan 30 il torpaqları işğal altında olanda BMT-nin həmin missiyasını dəvət etsə də, onlar gəlməmişdilər. Bütün bunlara baxmayaraq, Qarabağda yaşayan erməni sakinlərə qarşı hər hansı zorakılıq tətbiq edilmədiyi gerçəkliyini görmək üçün BMT-nin missiyası Azərbaycandadır. Bu, Azərbaycanın məhz hüquqi dövlət kimi davranmasının göstəricisidir”.