Ev Siyasət Diaspor nümayəndələrinin Şuşaya 11-ci səfəri gerçəkləşib

Diaspor nümayəndələrinin Şuşaya 11-ci səfəri gerçəkləşib

64

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 11-ci səfəri baş tutub.Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində on birinci dəfə gerçəkləşən səfərdə 10 ölkədən gələn 22 diaspor nümayəndəsi iştirak edib.Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.Gəncə Qapısı önündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edən diaspor nümayəndələri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar. Səfərin sonunda isə Cıdır düzündə dövlət himninin sədaları altında Azərbaycan bayrağı açıblar. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.Eyni zamanda onlara xüsusi diqqət və qayğı göstərən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.

Əvvəlki məqaləXİN rəhbərlərinin “3+3” formatında növbəti görüşünün vaxtı və məkanı açıqlandı
Növbəti məqalədəBaş Prokuror: “Regionda cinayətkarlığa qarşı ortaq mübarizə yolları araşdırılır”