Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci rəhbərlik edib.Baş nazirin müavini Şahin Mustafayev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu, dövlət başçıları İlham Əliyev və Si Cinpinin səyləri nəticəsində hazırda münasibətlərimizin dinamik və hərtərəfli inkişaf dövrünü yaşadığını deyib.
O, iki ölkə arasında münasibətlərin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təntənəli tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Çin Hökumətinə minnətdarlıq edib.Ş.Mustafayev iki ölkənin ticari-iqtisadi istiqamət də daxil olmaqla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, qarşıda iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsi vəzifəsi durduğunu bildirib. O, ötən il Azərbaycan-Çin ticarət əlaqələrinin həcminin əvvəlki illə müqayisədə 21 faiz çoxaldığını, qarşılıqlı ticarətin cari ilin 9 ayı ərzində təxminən 50 faiz artmasının müsbət dinamikanın göstəricisi olduğunu deyib.Ş.Mustafayev Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində Çin şirkətlərini fəal iştiraka dəvət edib. O, Azərbaycandakı sənaye parklarına və iqtisadi zonalara investisiya qoyuluşu üzrə qarşılıqlı fəaliyyət üçün yaxşı perspektivlərin olduğunu bildirib.Baş nazirin müavini nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlığın iki ölkə arasında münasibətlərdə prioritet olduğunu diqqətə çatdırıb, Orta Dəhlizin ən vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayıb.