Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, altı gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.
Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 boksçu qüvvəsini sınayıb. Nəticədə Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Ömər Aslanlı, Məhəmmədli Aşurəliyev, Məhəmmədəli Qasımzadə, İbrahim Zeynalov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli, Ruslan Qəhrəmanov, Kənan Nəcəfov və İlkin Məmmədli çempion tituluna sahib olublar.
Komanda hesabında “Neftçi” İdman Klubu (36 xal) birinci yeri tutub. İkinci pilləyə Z-1 İdman Klubu (27 xal) yiyələndiyi halda, “üçlüy”ü “Təhsil” Respublika İdman Mərkəzi (26 xal) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Asif Məmmədov (Gəncə) ən yaxşı hakim seçilib.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, 71 kq çəki dərəcəsində yarımfinalda iki boksçu diskvalifikasiya olunduğundan digər cütdə qalib gələn çempion, məğlub olan bürünc medalçı olub.










