“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir”.APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin 52-ci Milli Gününə həsr olunan tədbirin açılış mərasimində çıxışı zamanı deyib.Nazir vurğulayıb ki, BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir:
“1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyə qədər ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir.Azərbaycan Respublikası ilə BƏƏ arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır, iqtisadiyyat, enerji, turizm, təhsil və bir çox digər sahələri əhatə edir.Ölkələrimiz ikitərəfli təmaslarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində də əməkdaşlıq edir”, – Əmrullayev qeyd edib.Nazir qarşılıqlı yüksək səviyyəli səfərlərə də toxunub:
“Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin yanvarında BƏƏ-yə səfəri əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunun və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun əyani göstəricisidir”.
“Bildiyiniz kimi, Azərbaycan Respublikasının əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. Bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında igid ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.Bu baxımdan, BƏƏ-nin bir neçə şirkətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və tikinti layihələrində iştirak etmək üçün müraciət etməsi bizi sevindirir”, – nazir əlavə edib.