Ev Siyasət Sülh sazişi sərhəddə imzalansın! – İrəvan Bakıya müsbət cavab verməlidir

Sülh sazişi sərhəddə imzalansın! – İrəvan Bakıya müsbət cavab verməlidir

37

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib. Rəsmi Bakı görüş yeri kimi Azərbaycan-Ermənistan sərhədini göstərib. “Sərhəddə görüşə və birbaşa danışıqlara hazırıq”, – deyə Azərbaycan XİN-nin məlumatında bildirilib. Ermənistan XİN də hazır olduqlarını açıqlayıb.

“Bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var. İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər”, – açıqlamada deyilir. Rəsmi Bakının vasitəçilərsiz danışıq təklifi ekspertlər tərəfindən maraqla qarşılanıb. Bu, ABŞ-ın vasitəçiliyi ilə görüş təklifindən imtina edilməsindən sonraya təsadüf edir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi sərhəddə imzalana bilərmi? Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev sülh müqaviləsinin Azərbaycan və Ermənistanın qarşısında duran əsas vəzifə olduğunu bildirib: “Ermənistan tərəfi ciddi cəhdlə danışıqların kiminsə vasitəçiliyi ilə aparılmasına çalışır. Hətta, Baş nazir tərəfindən ABŞ, Almaniya və Fransanın vasitəçiliyi ilə danışıqlara çağırışlar edilib. Biz dəfələrlə münaqişənin bitdiyini, əsas məsələnin sülh müqaviləsinin imzalanması olduğunu bildirimişik. Bu, Azərbaycan və Ermənistana aid məsələdir. Sülh müqaviləsi hər iki ölkənin qarşısında duran vəzifədir”.

A.Nağıyev vurğulayıb ki, sülh müqaviləsinin imzalanmasında Ermənistan daha maraqlı olmalıdır: “Biz onlara sülh üçün 5 prinsip irəli sürmüşük. Dəfələrlə, bu prinsiplərlə onları tanış etmişik. Onlar da 3 prinsip məsələsini ortaya qoymuşdular. Regiondan min kilometrlərlə uzaqda olan ölkələrin sülhün bərqərar olmasında iştirakı inanılmazdır. Sülh müqaviləsi imzalanmadıqca regionda iqtisadi, siyasi və digər proseslərin inkişafı üçün problemlər qalacaq. Lakin sülh müqaviləsi imzalanmasada, Azərbaycan diqtə edən tərrəf kimi daxili və xarici siyasətini aparmaqdadır. Buna daha çox Ermənistan maraqlı olmalıdır”.

Deputat sülh müqaviləsinin imzalanmasının istənilən sərhəd rayonumuzda mümkün olduğunu söyləyib: “Sülh müqaviləsi istənilən rayonumuzda imzalana bilər. Ermənistan və onun havadarlarının sərhəddə görüşə razılıq verməsi əsas məsələdir. Çünki son zamanlar yenə də Ermənistanın öz sərbəst xarici siyasətinin olmadığı hiss olunur. Ümumi götürdükdə, sülh müqaviləsinin harada imzalanması elə də böyük əhəmiyyət kəsb etmir. Bizim danışıqlar üçün kifayət qədər imkanlarımız var. İndi top Ermənistan tərəfdədir”.

Əvvəlki məqaləSahil Babayev gənclər arasında işsizlik faizini AÇIQLADI
Növbəti məqalədəPrezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib