2023-cü ilin noyabrın 30-da Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvləri ilə keçirilib. Qonaqlara bu platforma çərçivəsində aparılan görüşlərin əsas məqsədinin ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin, habelə təcrübədə rast gəlinən problemlərin və onların aradan qaldırılması yollarının müzakirəsindən ibarət olduğu bildirilib.Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev məhkəmə-hüquq sahəsində aparılan son islahatlar, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, o cümlədən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması üzrə həyata keçirilmiş yenilikləri qonaqların diqqətinə çatdırıb.
ABA-nın prezidenti Zakir Nuriyev çıxışında dialoqun keçirilməsini müsbət qiymətləndirərək, aparılan müzakirələrin hər iki tərəfin gözləntiləri baxımından mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva kommersiya məhkəmələrinin fəaliyyəti, habelə bankların iştirakı ilə olan kommersiya mübahisələrinin xüsusiyyətləri barədə məlumat verib.Daha sonra bankların tərəf olduqları kredit və digər mübahisələr üzrə mülki və kommersiya işlərinə baxılması zamanı üzə çıxan problemlər və onların aradan qaldırılması yolları müzakirə edilərək, bu kateqoriya işlər üzrə icraatın səmərəliliyinin artırılması istiqamətində bir sıra konkret məsələlərin həlli üzrə razılıq əldə olunub, bununla yanaşı, tədbir iştirakçıları tərəfindən qiymətləndirmə və hərracların keçirilməsi sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi zərurəti vurğulanıb.