“Cəmi altı ay əvvəl Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında dini dözümsüzlüyün narahatedici şəkildə artması yekdil qınağa səbəb oldu. O vaxtdan bəri dünya HƏMAS və İsrail arasında ən böyük dini qarşıdurmalardan birinin alovlanmasına şahid oldu ki, hər iki tərəf bir-birlərini məhv edəcəkləri ilə bağlı bəyanatlar səsləndirdi”.Bu fikirlər “International policy digest” nəşrinin məqaləsində yer alır.Qeyd olunur ki, belə gərgin bir vaxtda dini tolerantlıq nümunəsi olan xalqların tərənnüm edilməsi önəmlidir:
“Müsəlmanların çoxluq təşkil etdiyi ölkələr arasında nümunə olan Azərbaycana nəzər yetirin. Dünyəvi dövlət kimi onun konstitusiyası bütün dinlərin bərabərliyini təsdiq edir, istənilən inanca qarşı nifrətin təhrik edilməsini qətiyyətlə qadağan edir və dinlərarası dialoqa hər hansı maneənin qarşısını alır. Azərbaycanda, əsasən, müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, ölkə öz müsəlman, xristian və yəhudi vətəndaşlarının xüsusiyyətlərini əks etdirən hökumət və təhsil sistemi ilə öyünə bilər.Şərqlə Qərbin birləşdiyi tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Azərbaycan uzun müddətdir ki, qonaqpərvərliyin çırağı olub. Azərbaycanın dini mənzərəsi tək müasir dövrün məhsulu deyil, bu, onun tarixinin 70 illik aqressiv sovet ateizminin belə parçalaya bilmədiyi ayrılmaz tərkib hissəsidir.Bu gün Azərbaycanda 20 minə yaxın yəhudi yaşayır ki, onların bu ölkədə təhsil müəssisələri, mədəniyyət mərkəzləri və hətta Bakı Universitetində ivrit dili kursları belə fəaliyyət göstərir.
Ölkədə yeddi sinaqoq açılıb, 2011-ci ildə Bakıda inşa edilən sonuncu sinaqoq isə əsasən, müsəlmanların yaşadığı ölkədə dövlət tərəfindən maliyyələşdirilən ilk sinaqoq olub. Həmçinin, katoliklər, protestantlar və pravoslav xristianlar da sülh və dinc yanaşı yaşama şəraitində ömür sürürlər”.