2024-cü ilin 24 fevral tarixində İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: İntibahın oyanışı” (“Decolonization: Awakening of the Renaissance”) adlı beynəlxalq konfrans keçirilib.Beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib. Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsusi üstünlük təşkil edir.Konfransda Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samantha Françoise Cyriaque, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mickael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Corbin, Martinik Assambleyasının deputatı Luc Francis Carole, Fransız Polineziyası Parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Maurea Maamaatuaiahutapu, Korsika Parlamentinin sabiq prezidenti Jean-Guy Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər. Tədbir müzakirələr formatında davam etdirilib.Tədbirin sonunda iştirakçılar Fransa Prezidentinə açıq məktub ünvanladılar. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmdən əziyyət çəkdiyi vurğulanır.