Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.
Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.
Qeyd edək ki, orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 15-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 14 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.
2023-cü ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanlarında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də martın 1-dən 15-dək qeydiyyatdan keçməlidirlər.